Üstümdə Quran, təsbeh, telefon dəftərçəsi, qəzəl dəftəri, bir də "Təzkirətül-müttəqin" kitabı vardı. Bu kitab bir qrup böyük din aliminin şəriət irfanı barədə risalə və zikrlərindən ibarətdir. Onu mənə Kirmanda Seyid Kamal Şirazi vermiş, Zahidanda çox oxumuşdum. Həmçinin cibimdə dörd tümən iki qran pul vardı. Zahidanda olanda bütün pulum beş tüməndən ibarət idi. Onun səkkiz qranı ilə Zahidan SAVAK-ında çörək və yumurta almışdım.
Məni bir kameraya saldılar. Kamera eni-uzunu iki metr olan kvadrat bir otaq idi. Yarısı bir qədər hündür idi; oturmaq və yatmaq üçün nəzərdə tutulmuşdu, üstündə samandan bir döşək vardı. Mənə iki ədyal verdilər. İlk dəfə idi belə kiçik bir otaqda saxlanırdım. Bir müddət oturub təəccüblə ətrafıma baxdım. Divarda kiçik bir baca vardı, nəzarətçi dustağa göz qoymaq üçün onun önündə gəzişir, baxırdı. Qapının üstündə də bir baca vardı, üstünü örtmüşdülər. Digər küncdə zəif bir lampa yanırdı, işığı 15 vatdan çox olmazdı.
Bir neçə dəqiqədən sonra kameranın qapısı açıldı və bir hərbçi içəri girdi. Sonradan bildim ki, Gizir Zamanidir. Eyni rütbədə olan beş hərbçi də növbə ilə zindana nəzarət edirdi. Onların ikisi məhbuslar arasında çox məşhur idi: Biri bu Gizir Zamani idi, digəri də onların başçısı olan Gizir Saqi. Onun barəsində danışacağam.
Gizir Zamani içəri girib dedi: "Üstündə nə var?" Dedim ki, axtara bilərsən. Üstümü axtarmağa başladı. Quranı çıxarıb baxdı və dedi: "Bu, Qurandır; eybi yoxdur, saxlaya bilərsən". Deyəsən, cibimdəki pulun azlığını görüb mənə yazığı gəldi. Sonra “Təzkirətül-müttəqin” kitabı haqda maraqlanıb dedi: "Bu, dua kitabıdır?" Məndən müsbət cavab alıb kitabı da qoymaq istəyirdi. Amma ona dedim: "Bu, irfan kitabıdır..." Sözümü kəsib dedi: "Bəli, dua kitabıdır, dua kitabıdır, eybi yoxdur, qala bilər!" Bu rəftarı aydın göstərirdi ki, mənə kömək etmək istəyir. O, yalnız telefon dəftərçəsini alıb getdi və mən tək qaldım.
Dostları ilə paylaş: |