Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə50/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   46   47   48   49   50   51   52   53   ...   239

Qarlı gün


Pəncərədən bayıra baxanda qar hər yeri bürümüşdü. Biz Tehrana çatanda xəfif qar yağırdı, amma gecə boyu yağıb yerə ağ və təmiz don geyindirmişdi. Bir zabit gedib-gəlirdi. Bildim ki, otağım zindanın yanındadır, həmin zabit də nəzarətçidir. Bir saatdan sonra məni çağırdılar. Həmin iki SAVAK əməkdaşı gəlmişdi. Onlarla bir maşına minib qədim Şimiran yolundakı bir binaya getdik. Ora SAVAK-ın gizli mərkəzlərindən idi. Həmin iki nəfər mənimlə sağollaşanda üzlərində şəfqət cizgiləri gördüm. "Bir sifarişin varmı?" – deyə soruşdular. Dedim ki, ağa Kəfəmiyə salam söyləyin. Bununla Tehranda olduğumu bilmələrini istəyirdim.

Məni böyük bir otağa apardılar. Bir müddət orada qaldım. Həmin əsnada bir nəfər qapını açıb mənə tərs-tərs baxdı və getdi. Bir qədər sonra ikinci adam gəlib eyni işi təkrar etdi. Bu iş bir neçə dəfə təkrar olundu, axırıncısı isə dedi ki, gəl, gedək.

Məni yenidən iki SAVAK əməkdaşı ilə bir avtomobilə mindirəndə təəccübləndim. Avtomobil şəhərin xiyabanlarını dolaşmağa başladı. Onun sonradan Elizabet bulvarı, inqilabdan sonra isə Əkinçi bulvarı adlanan yerdən keçdiyini görəndə Tehranın qərbinə doğru getdiyimizi bildim. Mən o xiyabanı yaxşı tanıyırdım. İraq səfirliyi orada yerləşirdi. 1957-ci ildə İraqa getmək üçün oradan viza almışdım. Həmin xiyabandan keçdik və avtomobil şimal-qərbə döndü. Nəhayət, heç bir binanın olmadığı bir yerə çatdıq. Təəccübüm artdı və məni hansı taleyin gözlədiyini düşünməyə başladım. Avtomobil bir qədər gedəndən sonra sağa döndü, bir keşikçinin nəzarət etdiyi hündür bir maneənin yanından keçdik. Maneənin o tərəfində qarla örtülmüş bir meydança gördüm. Avtomobil meydançanın bir hissəsində dayandı. Biz maşından endik. Qarşıda təxminən on metr hündürlüyündə bir divarla əhatələnmiş böyük bir qala vardı. Bir yanda sarı rəngli alçaq hərbi tikililər görünürdü. Başqa yanda isə yeni bir bina yerləşirdi. Məmurların biri yeni binanın içinə girdi, ikincisi isə avtomobilin motorunu və təkərlərini yoxlamağa başladı. Yolda danışıqlarından onların türkdilli olduqlarını öyrənmişdim. Oranın hara olduğunu bilmək üçün oradakı məmura türkcə dedim: "Bura haradır?" Türkcə verdiyim bu sual öz təsirini buraxdı. Məmur qorxa-qorxa sağa-sola baxdı, türk ləhcəsilə dedi: "Qızıl qala".

Biz məşhur Qızıl qala zindanında idik.1 Mən bu zindan barədə eşitmişdim. Deyirdilər ki, orada qalmaq çətindir, dustaqlarla qəddarcasına rəftar edirlər.

İçəri girmiş məmur qayıtdı. Hər ikisi yola düşdü, mən də onların arxasınca qalaya doğru getməyə başladım. Qalanın qapısı açıldı, içəridən bir əsgər çıxdı və qarın üstü ilə bizə doğru qaçmağa başladı. Mənə işarə ilə soruşdu: "Budur?" Məmurlar cavab verdilər ki, hə, özüdür. Sonra əsgər üzünü mənə tutub dedi: "Mənimlə gəl". Mən onun arxasınca getdim. Sonradan onunla da tanış oldum. Yaxşı bir şirazlı gənc idi, hərbi xidmətini orada keçirirdi.

Əsas qapıdan girəndən sonra bir metr irəlidə başqa bir hündür divar gördüm. Onun da qapısını açdılar. Böyük bir meydan vardı, zindan onun ortasında yerləşirdi. Zindana tərəf getdik. Qalanın dəmir zəncirlərlə bağlanmış böyük və qorxunc qapısı açıldı. İçəridə dar bir koridor, onun hər iki tərəfində də kameralar yerləşirdi. Məni kameraların birinə saldılar.



Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin