Səltənətabad qarnizonu
Təyyarədən endik. SAVAK maşını trapın önündə gözləyirdi. Maşına mindik və Tehranın xiyabanlarına yola düşdük. Mən arxada oturmuşdum, bayıra baxa bilmirdim, lakin keçdiyimiz bəzi xiyabanları uzaqdan tanıdım. Çox soyuq bir gecə idi, qar yağırdı. Boş bir məhəlləyə çatdıq. Bir qədər həyəcanlandım, fikirləşdim ki, bəlkə də bu boş yerdə məni öldürmək istəyirlər.
Bir qədər sonra "dur" səsini eşitdim. Maşın dayandı. Bildim ki, hərbi qarnizona gəlmişik. Məmurların biri yerə enib keşikçiyə bir kağız verdi. Yol açıldı və biz içəri girdik. Sonradan bildim ki, ora Səltənətabad qarnizonu1 imiş.
Nəzarət-buraxılış məntəqəsinin önündə maşından endik. Keşikçi zabit məni yoxlayıb təhvil aldı, SAVAK əməkdaşları isə qayıtdılar. Məni içində iki çarpayı və bir soba olan təmiz və böyük bir otağa saldılar.
Zabit məndən soruşdu: "Şam yemisən?" Dedim ki, yox. Mənə yemək gətirdi. Şam yeməyi yeyib namaz qıldım, sonra isə dərin və rahat bir yuxuya getdim. Hər yer qaranlıq olduğuna görə bayırı görmürdüm.
Sübh çağı yuxudan oyanıb namazımı qıldım. Sonra bir nəfər gəlib səhər yeməyi istəyib-istəmədiyimi soruşdu. Səfərdə olduğuma görə oruc deyildim; dedim ki, istəyirəm. Mənə böyük bir fincanda çay və ordu çörəyi gətirdi. Bu çörək adətən, bir qədər yağ, şəkər və azca kafurla bişirilirdi, qalın və çox dadlı olurdu. Çörəyin yanında bir qədər kərə yağı da vardı. Ac idim, hamısını ləzzətlə yedim.
Dostları ilə paylaş: |