10 Köməkçi nitq hissələri. Qoşma , bağlayıcı, ədat
Köməkçi nitq hissələri müstəqil lüğəvi mənaya malik olmaması, yalnız ümumiləşmiş qrammatik məna daşıması ilə əsas nitq hissələrindən fərqlənir. Əsas nitq hissələri nominativ mənaya malik olduğu halda, köməkçi nitq hissələri nə əşya adı, nə əlamət, nə kəmiyyət, nə də hərəkət bildirir. Bunlar yalnız sözlər, ifadələr, cümlələr və bəzən də mətnin hissələri arasında müxtəlif əlaqələr yaradır. Sözlərin ifadə və cümlələrin mənasına müxtəlif çalarlar əlavə edir. Köməkçi nitq hissələrinə qoşma, bağlayıcı, ədat, modal söz və nidalar daxildir.
Hallana bilən nitq hissələrinə qoşularaq adlarla adlar və adlarla fellər arasında əlaqə yaradan sözlərə qoşma deyilir. Qoşmalar cümlə daxilində hallana bilən sözlərə qoşularaq onları adlar və fellərlə əlaqələndirir. Məs: Uzun Həsən qırğı kimi ayğırın yalına yatmışdı.
Qoşmaların ən mühüm xüsusiyyətlərindən biri özündən əvvəlki sözü, yəni qoşulduğu nitq hissəsini ismin bu və ya digər halında tələb etməsidir. Qoşmaların lüğəvi mənası olmasa da, qoşulduğu sözlə birlikdə müəyyən məna ifadə edir. Sintaktik vəzifəsinə gəlincə qeyd etdiyim kimi, qoşma başqa köməkçi nitq hissələrindən fərqlənir və qoşulduğu sözlə birlikdə cümlənin bir üzvü olur.
Qoşmalar aşağıdakı hallarda olan sözlərə qoşularaq qeyd etdiyimiz mənaları ifadə edir.
yalnız ismin adlıq halı ilə işlənən, adlıq halda olan sözlərə qoşulan qoşmalar. Bu qrupa içrə, üzrə, haqda, barədə, halda qoşmaları daxildir. Məsələn, Mən onun arvadı – uşağı olduğunu bildiyim barədə heç nə hiss etdirmədim.
Həm adlıq, həm də yiyəlik halda olan sözlərə qoşulanlar: üçün, ilə, la², tək, təki, haqqında, barəsində. Məsələn, Mədəniyyət üçün birinci növbədə şərait lazımdır.
Yönlük hal ilə işlənən qoşmalar. Bu qrupa: görə, qarşı, tərəf, doğru, sarı, aid, dair, nisbətən, -dək qoşması daxildir. Məsələn, O, yaşına görə çox cavan idi.
Adlıq, yiyəlik, yönlük halda olan sözlərə və birləşmələrə qoşulanlar. Bu qrupa kimi, qədər, -can² qoşmaları daxildir. Məsələn, Qarşımda iyirmiyə qədər sağıcı qadın oturmuşdu.
Çıxışlıq halda olan sözlərə qoşulanlar: əvvəl, qabaq, sonra, bəri, başqa, qeyri, özgə, savayı, ötrü. Məsələn, Ağsaqqal kişi oturandan sonra söhbəti özü açdı.
Cümlənin üzvləri və mətnin komponentləri arasında əlaqə yaradan sözlərə bağlayıcı deyilir. Əlaqə yaratmaq kimi mühüm sintaktik vəzifəsi müstəsna olmaqla, bağlayıcılar cümlə üzvü vəzifəsi daşımır. Hətta qoşmalardan fərqli olaraq əlaqələndirdiyi üzvlərlə birlikdə də üzv ola bilmir.
Sintaktik vəzifəsinə görə bağlayıcılar iki qrupa ayrılır. 1) Tabesizlik bağlayıcıları; 2) Tabelilik bağlayıcıları
Tabesizlik bağlayıcıları. Bu qrupa daxil olan bağlayıcıların əlaqələndirdiyi dil vasitələri bərabərhüquqlu olur, biri digərindən asılı olmur, biri digərini izah edib aydınlaşdırmır. Tərəflər eyni dərəcədə bir – birindən asılı olur. Tabesizlik bağlayıcıları dörd qrupa ayrılır.
Birləşdirmə bağlayıcıları. Bu qrupa və, ilə, həm, həm də , həmçinin, da, də ,nə ,nə də bağlayıcıları daxildir. Məsələn, qabiliyyətli və intizamlı adamlar bu məsələnin həllində uduzmazlar.
Qarşılaşdırma bağlayıcıları. Bu qrupa amma, ancaq, lakin, fəqət, halbuki, yoxsa bağlayıcıları daxildir. Məsələn, Ana soyuqdan, şaxtadan donmuşdu, uşaq isə sağ salamat idi.
Bölüşdürmə bağlayıcıları: ya , ya da, yaxud da, gah, gah da, gah da ki, istər, istərsə də. Məsələn, Şəhərdən bir atlı və ya piyada gəldimi, həsən onu sorğu suala tutardı
Aydınlaşdırma bağlayıcıları: yəni , yəni ki. Məsələn, mən dostumu, yəni Şamili gözləməliyəm .
Tabelilik bağlayıcıları. Bağlayıcıların bu qrupu tabeli mürəkkəb cümlənin tərkib hissələrini əlaqələndirir budaq cümləni baş cümləyə bağlayır.
Tabelilik bağlayıcılarının aşağıdakı növləri var.
Aydınlaşdırma bağlayıcıları: ki, belə ki. Məsələn, bu elə işdir ki, sən onun öhdəsindən gələ bilərsən.
Səbəb bağlayıcıları: çünki, ona görə ki, buna görə ki, ondan ötrü ki, bunun üçün ki və s. Məsələn, quşları elektik cərəyanı vurmur, çünki quş tükü elektrik keçirmir.
Şərt bildirən bağlayıcılar: əgər, hərgah, madam, madam ki, indi ki, bir halda ki. Məsələn, bir halda ki, bu yazı səni qane etmir, yenidən yazaram.
Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki. Hərçənd ki onu görməyi çox istəyirəm, amma getməyə vaxt tapmıram.
Sözlərin, birləşmələrin və ya bütöv cümlələrin mənasını qüvvətləndirən, cümlədə müxtəlif məna çalarları yaradan sözlərə ədat deyilir. ədatın aşağıdakı məna növləri vardır.
Qüvvətləndirici ədatlar: axı, ən, lap, daha, olduqca, da, də ,ki, artıq, nə, necə, ha, ca², hətta. Məsələn, Axı günü günə satmaq da olmaz
Dəqiqləşdirici ədatlar: elə, belə, məhz, əsl. Məsələn, Elə bu saat çağırtdır gəlsin
Məhdudlaşdırıcı ədatlar: yalnız, ancaq, tək, təkcə, bir, bircə. Məsələn, Bunu bircə onlar bilir.
Sual ədatları: bəs, məgər, yəni, mı,mi,mu,mü. Məsələn, Bəs bağbanın səsini eşitmədiniz?
Əmr ədatları: di, qoy, bax, gör, görün, gəl, gəlin, gəlsənə, sana², ha. Məsələn, Gəlsənə o barədə sonra danışaq
Təsdiq və inkar ədatları: bəli, hə, xeyr, yox, heç. Məsələn, Bəli, atam Muğanda doğulmuşdur.
Arzu ədatları: kaş, kaş ki, təki ,barı, gərək və s. Məsələn, Təki evimizdə uşaq səsi gəlsin.
Dostları ilə paylaş: |