14 Cümlə üzvləri: Mübtəda. Xəbər
Mübtəda cümlədə haqqında danışılan şəxsi, əşyanı bildirən baş üzvdür. Kim?, nə? bəzən də hara? suallarından birinə cavab verir, ismin adlıq halında olan sözlərlə və söz birləşmələri ilə ifadə olunur. Məsələn: Uşaq (kim?) evdədir. Bulaq suyu (nə?) sərin olur. Bərdə (hara?) qədim şəhərdir və s.
Mübtəda daha çox isimlə və əvəzliklə ifadə olunur. Məsələn: Anar Quba Özəl Türk Liseyində oxuyur. O, əlaçı şagirddir. Biz onunla bir yataq-xanada yaşayırıq və s.
Məsdər və isimləşmiş sifət, feli sifət və say da cümlədə mübtəda ola bilir. Məsələn: Yaşamaq gözəldir. Qocalar dayağımızdır. Yaşayan yaratmalıdır. Onuncular irəlidədirlər və s.
Mübtəda söz birləşmələri və mürəkkəb adlarla da ifadə olunur. Məsələn: El gücü (nə?) böyük qüvvədir. Bizim arzumuz (nə?) xalqın xoşbəxtliyidir. Meşəyə gedənlər (kim?) qayıtdılar. El yolunda şəhid olanlar (kim?) unudulmur. Xalça toxumaq (nə?) qədim peşədir. Qız qalası (nə?) ulu keçmişimizin yadigarıdır. Mirzə Ələkbər Sabir (kim?) satira ustasıdır və s.
Mübtəda quruluşca sadə və mürəkkəb olur.
Nitq hissələri ilə ifadə olunan mübtədalar sadə, söz birləşmələri və mürəkkəb adlarla ifadə olunan mübtədalar isə mürəkkəb olur.
Mübtəda qrammatik cəhətdən cümlənin ən müstəqil üzvüdür, yəni heç bir cümlə üzvünə tabe olmur. Mübtəda cümlədə ən çox xəbərlə bağlı olur. Mənsubiyyət və cəm şəkilçiləri qəbul etmiş sözlər də cümlədə mübtəda olur. Məsələn: Atam (kim?) müəllimdir. Şagirdlər (kim?) məktəbə gedirlər. Kitablarımız (nə?) çantatadır. və s.
Adlıq halda olan sözlər cümlədə mübtəda olur.
Xəbər
Dostları ilə paylaş: |