119
DÜNYA DİNLƏRİ
; 7. Yaxşılığı əmr etmək; 8. Pis əməllərdən çəkindirmək; 9. Təvəlla (ərəb dilində
“dostluq”, “məhəbbət” mənasına gəlir) – Allahın sevdiyi insanları sevmək və
daim onlarla dost olmaq; 10. Təbərra (ərəbcə “üz çevirmək”, “rədd etmək”
deməkdir) – Allahın sevmədiyi insanlardan uzaq olmaq.
Qeyd etiyimiz kimi, imamiliyin 5 inanc əsalarından birini imamət etiqadı
təşkil edir. Bu etiqada görə, Allah tərəfindən Məhəmməd peyğəmbərin kürəkəni
Əli ibn Əbu Talib, onun övladları Həsən və Hüseyn, eləcə də Hüseynin soyundan
gələn 9 nəfər müsəlmanlara imam, yəni rəhbər təyin olunmuşlar. Beləliklə,
imamilik məzhəbinin mənsubları on iki imamı istər dini, istər dünyəvi işlərdə
öz rəhbərləri kimi qəbul edirlər. Odur ki, imamilik həm də “on iki imam şiəliyi”
(ərəb dilində “əş-şiə əl-imamiyyə əl-isna əşəriyyə”) adı ilə tanınır.
İmamilik məzhəbinin ardıcılları inanırlar ki, on iki imama ilahi biliklər
verilmiş və onlar peyğəmbərlər kimi məsumluq sifətinə malik olmuşlar, yəni
qətiyyən günah iş görməmişlər. Bu səbəbdən şiələr hesab edirlər ki, Məhəmməd
peyğəmbərlə yanaşı, imamların da həyatı müsəlmanlar üçün örnəkdir.
On iki imam şiəliyində ”Əhli-beyt”ə (ərəb dilində “ev əhli” mənasına
gəlir) sevgi və ehtiram xüsusi yer tutur. “Əhli-beyt” dedikdə, Məhəmməd
peyğəmbərin ailəsi nəzərdə tutulur. Şiələrə görə, xüsusi seçilmiş şəxslər, yəni
Əli ibn Əbu Talib, onun oğulları Həsən və Hüseyn, Məhəmməd peyğəmbərin
qızı Fatimə, habelə Hüseynin nəslindən gələn digər doqquz imam “Əhli-beyt”ə
mənsubdur. Onlardan fərqli olaraq, sünnilər Məhəmməd peyğəmbərin bütün
ailə üzvlərini “Əhli-beyt”ə aid edirlər.
İmamilik məzhəbinin etiqadına görə, İmam Mehdi adı ilə tanınan on
ikinci imam Məhəmməd ibn Həsən X əsrin birinci yarısında qeybə çəkilmişdir.
Bu məzhəbin mənsubları inanırlar ki, İmam Mehdi bəşəriyyəti qurtarmaq üçün
qiyamətə yaxın zühur edəcək və yer üzündə ədaləti bərpa edəcəkdir. Mehdi ilə
bağlı inanc sünnilikdə də mövcuddur. Lakin sünnilər hesab edirlər ki, Mehdinin
kim olduğu bilinmir, çünki o, qiyamətdən əvvəl dünyaya gələcəkdir.
Onu da qeyd etmək lazımdır ki, İslam dünyasında imamilik həm də ayrıca
hüquqi məktəb kimi də qəbul olunur. Bu fiqhi məzhəbin hüquqi metodlarının
sistemləşdirilməsində altıncı imam Cəfər ibn Məhəmməd əs-Sadiq (700/702 —
765) böyük rol oynadığı üçün imamilik məzhəbinin fiqhi məktəbi “cəfərilik” adı
ilə tanınmışdır.
Dostları ilə paylaş: