Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlənin məzmununu bir-biri ilə qarşılaşdırır.
Qarşılaşdırma budaq cümləsi baş cümlənin məzmunu ilə bağlı olur, baş cümlədəki hərəkətə qarşı duran hadisəni, vəziyyəti bildirir.
Budaq cümlənin bu növü baş cümlədən əvvəl işlənir, baş cümləyə nə qədər bağlayıcı sözü, -sa, -sə şəkilçisi və -da, də, belə ədatları ilə bağlanır. Məsələn: Sən kəkliyi nə qədər sevsən də, xasiyyətini bilmirsən.
Bəzən belə cümlələrdə nə qədər bağlayıcı sözü işlənmir, budaq cümlə baş cümləyə -sa, -sə şəkilçisi və -da, -də ədatı ilə bağlanır. Məsələn: Hekayətim uzun olsa da, artıq danışıb başınızı ağrıtmayacam.
Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlələrin başqa bir növündə budaq cümlə baş cümləyə hərçənd, hərçənd ki, sözləri ilə bağlanır, qarşılaşdırma məqsədilə baş cümlənin əvvəlində amma, ancaq, lakin qarşılaşdırma bağlayıcısı işlənir. Məsələn: Hərçənd bir az tezdir, amma zərəri yoxdur.