16 Həmcins üzvlər. Xitab Bildiyimiz kimi, cümlənin müxtəlif üzvləri arasında (xəbərlə mübtəda, zərfliklə xəbər, təyinlə təyinlənən arasında) tabelilik əlaqələri (uzlaşma, idarə və ya yanaşma) olur. Lakin cümlədə elə üzvlər də işlənir ki, onlardan biri digərinə tabe olmur. Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir. Məsələn: Yayda alma, armud, gilas və s. meyvələr yetişir.
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir. Tərifdən göründüyü kimi, həmcins üzvlər eyni bir üzvə aid olur, eyni suala cavab verir. Məsələn: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik.
Həmcins üzvlər ya təkcə sadalama intonasiyası ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.