Morze siqnalları
İnsanın xisləti belədir, sevmədiyi və təbiətinə uyğun olmayan vəziyyətə qarşı üsyan edir. Üsyan qərarına gələndə isə qarşısında yeni yollar açılır. Bu həbsxanada dustaqlar iki maneədən keçməyi düşünürdülər: birinci maneə əksəri savadsız, muzdur və sadəlövh olan nəzarətçilərdən, ikinci maneə isə təhlükəsizlik əməkdaşlarından ibarət idi. Dustaqlar ilk maneəni aşmaq üçün adətən, plan fikirləşir və çox vaxt məqsədlərinə çatırdılar.
Qeyd etdiyim kimi, nəinki başqa kameralardakı dustaqlarla, hətta bir kamera daxilində danışmaq da qadağan idi. Xüsusən dustaqlar eyni cinayət işində ittiham olunanda dindirmə və istintaq məlumatlarına xələl gətirdiyinə görə bunu təhlükəli sayırdılar. Bütün bu həssaslığa baxmayaraq, dustaqlar arasında morze kodlarından ibarət ünsiyyət amili vardı.
Şəhid Rəcai ilə mənim kameram arasında bir kamera vardı. Mən qonşu kamera ilə morze vasitəsilə ilə danışırdım, mesaj Rəcainin kamerasına çatırdı və ondan cavab gəlirdi.
Morze əlifbasını bu həbsxanada öyrəndim. Bir dəfə qonşu kameradan divara vurulduğunu eşitdim, amma mənasını anlamadım. Bildim ki, bu zərbələrdə bir məqsəd var. Bir gün diqqətlə kameranın divarlarına baxırdım. Adətən, dustaqlar başlarını yeni bir işlə qarışdırmaq üçün belə edirlər. Divarda dustaqların yadigarlarını, zarafat və lətifələrini oxuyurdum. Kameranın qapısının yanında bir divar vardı, ora çox zəif işıq düşürdü. Həmin divara baxanda hərflərə və onların kodlarına dair bir cədvəl diqqətimi cəlb etdi. Yavaş-yavaş cədvəlin dili ilə tanış oldum və morze işarələri olduğunu gördüm. Onu öyrənməyə başladım və get-gedə qonşu divardan gələn siqnalların mənasını anladım. Sonra gec sürsə də, bir dəfə cavab verməyə çalışdım. Qonşu cavabımı anlayıb çox sevindi. Onunla mənim aramda qarşılıqlı söhbət başladı. O, mənimlə sürətlə və mahir şəkildə danışırdı, mənsə fikirləşə-fikirləşə cavab verirdim. O mənə kömək etməyə çalışır, bir sözün iki-üç hərfini eşidən kimi işarə ilə sözü başa düşdüyünü bildirirdi.
Tədricən morze siqnalları ilə danışmaqda ustalaşdım. Bəzən morze vuranda kamerada mənimlə qalan adam nə iş gördüyümü bilmirdi. Divara söykənib başımı ona yapışdırırdım, əlimi başımın yanına qoyur, sonra barmağımla divara vururdum. Eyni zamanda adi halda öz kamera yoldaşımla da danışırdım. O məndən heç bir qeyri-adi hərəkət müşahidə etmirdi, yalnız fikrimin bir qədər dalğın olduğunu düşünürdü. Bu da hər bir məhbus üçün normal hal idi. Bəzən də digər məhbuslarla birgə uzandığımız yerdə ayaq barmaqlarımla divara vururdum. Əlbəttə, belə olanda qulaq davardan uzaq olur, eşitmək çətinləşirdi.
Dostları ilə paylaş: |