Ağa Kəfəminin evində qaldım. Qərara gəldik ki, bir gün mən minbərə çıxım, bir gün də həmin şeyx. Bu bölgü ürəyimcə olmadı, amma başqa yol yox idi. Şeyx özünü peşəkar vaiz hesab etdiyinə görə sonradan moizə üçün daha çox vaxt istədi. Dedi ki, icazə verin, seyiddən (yəni məndən) bir qədər sonra mən də söhbət edim. Onun istəyi rədd edilmədi və vəziyyət beləcə davam etdi. Nəhayət, ramazan ayının on beşi gəldi.
Cümə günü olduğundan məscid adamla dolu idi. Namazdan sonra minbərə çıxıb din alimləri barədə danışmağa başladım. Dedim ki, onlar iki qisimdirlər: bir qismi vəzifələrinə əməl edirlər, bir qismi isə əməl etmirlər. Bu söhbətlə gəlişimin əsas məqsədi olan mövzuya başlamaq istəyirdim. Məsciddə adamın ən çox olduğu 21 ramazanda əsas mövzuya keçəcəkdim. İmam Əlinin (ə) şəhadət günü olduğuna görə həmin gün tətil olurdu və hamı məscidə toplaşırdı.
On beşinci günün çıxışında öz vəzifələrinə əməl edən ruhaniləri təriflədim, zalım hakimiyyətlə razılaşan, onun xeyrinə addım atanları isə tənqid etdim.
Söhbət tərzim elə idi ki, sanki qarşımda oturmuş fərzi bir saray ruhanisinə müraciət edirdim; vəzifələrinə əməl etmədiyinə, zalımlara təslim olduğuna, İslama və müsəlmanlara xəyanət etdiyinə görə onu danlayırdım.
Həmin şeyx məclisdə oturmuşdu. Ağa Kəfəmi də mehrabda səccadəsinin üzərində əyləşmişdi. Mən çox cəsarətlə danışırdım. Bu, oradakı ən yaxşı çıxışlarımdan oldu. Sonra da İmam Hüseyn (ə) müsibətindən danışıb minbərdən endim.
Camaat əvvəlki günlərdə məndən sonra oturub həmin şeyxi dinləyirdilər. Bu dəfə isə ayağa qalxıb tərif və təşəkkürlə mənə yaxınlaşmağa başladılar. Mən bayıra çıxdım, camaat da ardımca məscidi tərk etdi. Həmişəki kimi, istirahət etmək üçün otağıma getdim.
Hələ içəridə ikən şeyxin minbərin birinci pilləsində ayaq üstə dayandığını görmüşdüm. O, camaatdan xahiş edirdi ki, yalnız on dəqiqəliyə dayanıb dinləsinlər, amma camaat ona məhəl qoymadan məsciddən çıxdı. İçəridə bəlkə əlli nəfərdən də az adam qaldı.
Məscidin həyətindəki otağa girəndən təxminən on beş dəqiqə sonra bayırdan səs eşitdim. Bir nəfər qışqırır, kimisə söyürdü. Yerimdən qalxıb pəncərəyə yaxınlaşdım. Ağa Kəfəmi şir kimi nərə çəkirdi. Əmmaməsinin bir ucu hələ də boynundan asılı qalmışdı. Camaat da onun arxasında idi. Çox təəccübləndim. Bir neçə dəqiqədən sonra həmin şeyxin başıaşağı və məyus halda məsciddən çıxdığını gördüm.
Sonra həmin şeyxin dostlarından olan bir dülgər kişi yanıma gəlib dedi: "Şeyx minbərdə bəzi sözlər dedi, ağa Kəfəmi də hirsləndi, ayağa qalxıb camaata dedi: "Camaat, bu adamın söhbətini dinləmək haramdır!" Sonra bayıra çıxdı, camaat da onun ardınca getdi”.
Sonra öyrəndim ki, həmin rəzil şeyx minbərdə mənim təriflədiyim din alimlərini təhqir edirmiş. Odur ki ağa Kəfəminin başqa yolu qalmamış, öz dini vəzifəsinə bu şəkildə əməl etmişdi. Bu hadisədən sonra əmin oldum ki, həmin şeyx Zahidanda heç bir iş görə bilməyəcək.
Dostları ilə paylaş: |