Tağut həbsxanaları
Gənclikdə İmam Xomeyninin çağırışına qoşulub zalım hakimiyyət əleyhinə mübarizəyə başlayanda bu yolun göz yaşı və qanla dolu olduğunu bilirdim, mənəvi baxımdan hər bir əzab və işgəncəyə hazır idim. Bircənd şəhərində ilk məhbusluq təcrübəsi ilə üzləşəndə bu hazırlıq açıq-aşkar özünü göstərdi. Həbslərə, təhdidlərə, müxtəlif psixoloji və fiziki işgəncələrə baxmayaraq, həmin hazırlıq nəticəsində, Allahın lütfü və yardımı ilə yolu davam etdirə bildim.
1962-ci ildə İslam hərəkatı başlayandan inqilabın qələbəsinə qədər altı dəfə həbs olundum, bir dəfə də saxlanıb sürgünə göndərildim. İstintaq və dindirmə məqsədi ilə dəfələrlə SAVAK-ın binasına çağırılmışam.
Giriş üçün deməliyəm ki, mövcud qanunlar insani məsləhətə uyğun olaraq, həbsxana məsələsini yaddan çıxarmayıblar. İslam şəriətində həbsxananın xüsusi hökmləri var. İslam respublikasında da həbsxana var, amma bəzi acı səhvlərə rəğmən, orada dustaqların islahına, tərbiyəsinə və bəzən təhsilinə çalışılır ki, azadlığa çıxandan sonra ləyaqətli həyat yaşaya bilsinlər.
Şahın həbsxanalarında isə belə deyildi. O zindanlar ya qisas almaq üçün idi, ya da dustağın fəaliyyətinə mane olmaq üçün. Mən əzab-əziyyət dolu tağut zindanlarında bu reallığı yaşamışam.
Həbsxana xatirələrinə keçməzdən öncə bəzi məqamları xatırlatmaq yerinə düşər:
Biri budur ki, ruhani təcridxanaları əvvəllər çox da çətin olmurdu. Ruhanilər orada çox qalmırdılar, işgəncə də yox idi, lakin şah zindanları üçün saydığım bütün xüsusiyyətlər vardı. İslam hərəkatı gücləndikcə ruhani həbsxanaları da çətinləşdi, kobudluq, təzyiq və işgəncələr başlandı və uzunmüddətli hökmlər çıxarıldı.
İlk həbsimdən İslam inqilabının qələbəsi ərəfəsində sürgündən qayıtdığım günə qədər ötən 16 il ərzində ruhaniləri kütləvi şəkildə həbs ediblər. Bu müddətdə məhbus ruhanilərin sayı digər siyasi qruplara, universitet və ya bazar dustaqlarına nisbətən çox olub. Bəzən onların sayı bütün siyasi məhbusların sayından çox olurdu.
Həbsxanada keçirdiyim dövr ümumilikdə iki ildən bir qədər artıq olar. Lakin bu müddəti bir neçə dəfə çoxaltmaq lazımdır. Çünki onun əksərini təkadamlıq kamerada keçirmişəm. Ümumi həbsxanadakı təkadamlıq kamera, azad həyatdakı ümumi həbsxana kimidir. Təkadamlıq kameradakı dustaq ümumi həbsxanaya köçürülmək üçün günləri sayır; sanki həbsxanadan azadlığa çıxacaq. Mənsə heç vaxt ümumi həbsxananın üzünü görmədim. Dostlarım ümumi rejimli cəzaçəkmə müəssisələri barədə danışanda deyirdilər ki, orada dustaqlar arasında öyrənib-öyrətməyə, qarşılıqlı münasibətə və bəzi idmanlara şərait olur. Oranı görməyi çox istəyirdim, amma əksərən bu işlərdən məhrum idim.
Bu girişdən sonra ilk həbsxana xatirəsini söyləyim.
Dostları ilə paylaş: |