KİÇİK QEYB DÖVRÜNDƏ ƏHALİSİ ŞİƏ OLAN MƏNTƏQƏLƏRƏ VƏKİLLƏRİN TƏ’YİNİ
Kiçik qeyb dövründə dörd naib və səfirdən əlavə, həzrət Mehdinin (ə) xüsusi vəkilləri də fəaliyyət göstərmişdir. İslam aləminin şiə yaşayan müxtəlif məntəqələrində çoxsaylı vəkillər vəzifəsini icra edirdi. Əvvəlki imamların vəkilləri sayaq fəaliyyət göstərmək əmri almış nümayəndələr öz sualları ilə xüsusi vəkillərə və dörd naibə müraciət edirdilər. Onlar ən ucqar nöqtələrdə, eləcə də, dörd naibin sakin olduğu Bağdadda fəaliyyət göstərirdilər. Təbii ki, kiçik qeyb dövründə vəkillər şiələrlə Bağdad arasında rabitəni tə’min edirdilər. Bu vəkillərin çoxsaylı olmasına dəlillər mövcuddur. Təəssüf ki, onların adları tarixi mənbələrdə dəqiq göstərilməmişdir. Şeyx Tusi «Əl-ğeybət» kitabında vəkillərin çoxsaylı olmasını qeyd edərək, onlardan yalnız bə’zilərinin adını zikr edir.
Əvvəlki əsrlərdə olduğu kimi, qeyb dövründə də vəkalət qurumunun fəaliyyəti zəruri olduğundan həzrət Höccət (ə) ehtiyac olan qədər vəkillər tə’yin edirdi. Mənbələrdə verilən mə’lumata əsasən, imam rəsmən özü bu işlə məşğul olurdu. Məsələn, Məhəmməd ibn İbrahim ibn Məhzyar Əhvazi şəxsən həzrət Mehdinin (ə) göstərişi ilə Əhvaz nahiyəsinə vəkil tə’yin olunmuşdu. Həzrət uyğun məsələ ilə bağlı buyurmuşdur: «Səni (Məhəmmədi) atanın yerinə vəkil olaraq tə’yin etdim».
Dostları ilə paylaş: |