VƏKALƏT QURUMUNUN TƏŞKİLATLANMASI VƏ ONUN HİMAYƏSİ
Kiçik qeyb dövründə xalqın imam Mehdi (ə) ilə birbaşa rabitəsi kəsildi. İmamla rabitə vəkalət qurumu vasitəsi ilə gerçəkləşirdi. Əvvəlki imamların dövründə Bağdadda, Samirrada və başqa məntəqələrdə vəkalət qurumunun çoxsaylı vəkilləri fəaliyyət göstərirdi. İmam Həsən Əsgəri (ə) dünyasını dəyişdikdən sonra vəkalət qurumuna rəhbərlik dörd naibin ixtiyarına keçdi. Hər bir naib öz dövründə uyğun quruma rəhbərlik edirdi.
Bu qurum vasitəsi ilə şiələr öz suallarını vəkillərə ünvanlayır, onlar da səfirlər vasitəsi ilə müqəddəs nahiyədən alınmış cavabları şiələrə çatdırırdılar. Xüms-zəkat kimi dini ödənclər də vəkillərə verilirdi və vəkillər bu əmanətləri quruma çatdırırdılar.
Onlar öz fəaliyyətlərində vəkalət qurumunu düşmənin nüfuzundan qorumağa borclu idilər. Əgər düşmən vəkalət qurumuna nüfuz edə bilsəydi, vəkilləri və məs’ulları tanımaqla xalqla imam arasındakı əlaqəni kəsə bilərdi. İmam özü də bu istiqamətdə vəkillərə kömək göstərirdi. Məsələn, Mö’təzidin vəziri Übeydullah ibn Süleyman vəkalət qurumunu dağıtmaq üçün həzrətin vəkillərindən birinə dini ödənc göndərmişdi. O, bu yolla vəkillərin kimliyini müəyyənləşdirmək istəyirdi. Həzrət Höccət (ə) bu məsələdən xəbər tutan kimi fərman verdi ki, müvəqqəti olaraq heç bir vəkil xalqdan şər’i ödənc qəbul etməsin. Məhəmməd ibn Osman ibn Sə’di Əmri imam Mehdinin (ə) bu fərmanını vəkillərə çatdırdı və bu yolla vəzirin qurğusu puça çıxdı.
Dostları ilə paylaş: |