Ayaq altı qaşınarsa, o adam səfərə gedər, əl içi qaşınarsa, o adama pul çatacaq.
Başmaq bir-birinin üstünə çıxsa, o adam müsafirətə gedəcək.
Bayquş divara qonsa, onun qabaqına bir dənə məcməyidə Quran, su və duz gətirib tutarlar ki, ta bəlkə bayquş o evə zərər yetirməsin.
Bostanda bəd nəzərdən ötrü eşşək başı qoyurlar.
Çay stəkanları bir-birinin dalınca bir sırada dursa, deyərlər ki, evə qonaq gələcək.
Çox yağış yağanda ərsin atarlar ki, yağış kəssin və ya miras qalmış mis qab atarlar.
Duzu yerə tökərsənsə, o dünyada kirpiyinlə gərək yığasan.
Əgər çay stəkanında çayın tilifi çayın üzərində dik durarsa, o evə gələn qonaqın nə ucalıqda olduğunu göstərir. Əgər çayın tilifi balaca olarsa, gələn qonaq da balaca olar, yox əksinə, uzun olarsa, gələn qonaq da uzun olacaq.
Gecə ev süpürməzlər, süpürsələr də deyərlər ki, toy evi süpürürəm.
Hər kəs bir eşşək arısı öldürərsə, o dünyada bir xurma verərlər.
Hər kəs tərsə iş görsə, deyərlər ki, o, al-arvadı kimidir.
İlin axırıncı çərşənbəsində od yandırandan sonra açar salmaq mərasimi başlanır. Açarı cavan qızlar və ya qadınlar ayaq altına qoyub evdə olan adamların və ya yoldan keçən adamların danışdığı sözdən gələn ilin yaşayışını düşünürlər.
Qarğı qarıldayanda deyərlər ki, qonaq gələcək.
Qırxlı uşağı aya göstərməzlər, göstərsələr ağzına ay doğar.
Qırxlı uşağın dilinin üzərində ağ toz kimi olan bir şeyə aydoğma deyirlər.
Pişik üzünü yuyarsa, deyərlər ki, o evə qonaq gələcək.
Süpürgəni başıaşağı qoysalar, deyərlər evdən ölü çıxar.