7. Səqifə əhvalatı barəsində İbn Əbil Hədidin söylədiyi başqa bir rəvayət
İbn Əbil Hədid də məşhur mənbələrə istinad edərək belə yazır: «Elə ki Peyğəmbər(s) dünyadan köçdü, mədinəlilər ibn Übadənin ətrafına yığışdı. Əbu Bəkr, Ömər və Əbu Übeydə də onların yanına getdilər. Ənsardan olan Hübab ibn Münzir dedi: «Gəlin bir nəfər bizdən və bir nəfər də sizdən seçilsin. Allaha and olsun, biz xilafət barəsində sizə paxıllıq etmirik. Yalnız bundan qorxuruq ki, sizdən sonra atalarını, oğullarını və qardaşlarını öldürdüyümüz şəxslər bizə hakim kəsilib hökmranlıq edələr (Bəni- Üməyyə kimi)».
İbn Əbil Hədid yazır:
«Bu rəvayəti Əbu Cəfər Yəhya ibn Məhəmməd Ələvi üçün danışanda dedi: «Mən Hübab ibn Münzirin fərasət və uzaqgörənliyini təsdiqləyirəm. Elə onun söylədiyi və qorxduğu şey də oldu. O vaxt Yəzid ibn Müaviyə Hicrətin 63-cü ilinin zilhiccə ayında (təxminən 643-cü il miladi) Mədinədə baş verən qanlı «Hərrəh» hadisəsində Bədr döyüşündə öldürülmüş müşriklərin qanını Mədinə müsəlmanlarından aldı. (Bu hadisə İbn Müaviyənin vasitəsilə baş vermişdi. Mədinə müsəlmanlarından 10 000 nəfərdən çoxu kütləvi surətdə qırılmışdı. Hübab ibn Münzir də hakimiyyət başına belələrinin gəlməyindən qorxurdu.
Rəsuli-əkrəm(s) də müşriklərin qanını tökmüşdü və bilirdi ki, əgər qızı və qızının övladları zülmkar hakimlərin hökmranlığı altına keçsəydilər, dəhşətli xətərə məruz qalacaqdılar, buna görə də həmişə hakimiyyəti özündən sonra əmisi oğluna (Əli(ə.s)-yə) vəsiyyət edirdi ki, Əhli-beyti bu xətərlə üzləşməsin.25 Əgər xilafətə Peyğəmbər(s)-in itrəti keçsəydi, Əli(ə.s) və Əhli-beyti həmişə amanda qalacaqdı, lakin qəza və qədər, zalım hakimlərin tamahı ona müsaidə etmədi. Hər şey elə alt-üst oldu ki, həzrəti-Mühəmməd(s)-in övladlarının aqibətinin necə olduğundan özün də xəbərdarsan».
Dostları ilə paylaş: |